“Araik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik” –

Baş prokuror Kamran Əliyev
05 Oktyabr 2020 - 16:36

“Biz hüquq normalarının bütün vasitələrindən istifadə edərək Araik Arutunyan kimilərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan şəhər və rayonlarını atəşə tutan Ermənistanın məqsədi münaqişəyə üçüncü ölkəni cəlb etməkdir: “İkincisi, məqsəd özlərinin, Qarabağın kriminal silahlı birləşmələrinin cəbhəsində uğursuzluqlarına don geyindirmək və Ermənistan cəmiyyətinin diqqətini bundan yayındırmaqdır. Onlar Azərbaycanın mülki əhalisinə hücum edərək özlərini cəmiyyətdə qəhrəman kimi qələmə vermək istəyirlər. Azərbaycanın dinc əhalisini qorxutmaq istəyirlər. Düşünürlər ki, bu zaman mülki əhali öz yaşayış yerlərini tərk edəcək. Sizi əmin edirəm ki, bunlar alınmayacaq”.