“Avqusta qədər erməni silahlıları Qarabağdan tam çıxarılacaq” –

Hərbi ekspert Cəsur Məmmədov
22 Mart 2021 - 12:18
“İndiki qayda ilə davam etsə, bu ilin avqustuna qədər Qarabağdakı erməni silahlılarının tam əksəriyyəti çıxarılacaq”.
Azpost.info bildirir ki, bu sözləri hərbi təhlilçi, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov bildirib.
C. Məmmədov vurğulayıb ki, hazırda bu yöndə proses aparılır: “Açıq və özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, hazırda proses aşağıdakı formada davam edir: Qarabağ “silahlı qüvvələri”nin Ermənistan vətəndaşları və Silahlı Qüvvələri hesabına komplektləşdirilməsi prosesi demək olar ki, dayanıb. Ermənistandan Azərbaycana açıq və gizli silah və əsgər daşıma cəhdləri olsa belə, bunlar ümumi prosesə ciddi təsir göstərmir”.
Ekspert bildirib ki, Qarabağda “hərbi xidmət”də olan Ermənistan vətəndaşlarının tərxis olunmaları, ya da xidmətlərini Ermənistanda – Ermənistan SQ-də davam etdirmələri üçün sənədləşmə işləri başa çatıb, həmin əsgərlərin Ermənistana göndərilməsi prosesi başlanıb: “Qarabağdakı yerli əhalidən ibarət silahlıların sayı azaldılır, ərazilərdə təhlükəsizliyə nəzarət Rusiya sülhməramlılatına keçir, Qarabağdakı erməni silahlılarına məxsus ağır texnika, artilleriya qurğuları və s. Ermənistana daşınır. Ermənistan SQ tərkibində yeni xüsusi hərbi birləşmənin yaradılacağına, qarabağlı “silahlı”ların gələcəkdə orada xidmət keçəcəyinə dair məlumatlar var”.
C.Məmmədovun sözlərinə görə, ümumi məlumatlara görə, Qarabağdakı erməni silahlılarının hazırki sayı 5 minə yaxındır: “Müharibədən sonrakı dövrdə həmin say 10 mindən yuxarı idi. Qarşıdakı aylarda bu sayın dəfələrlə azalması gözlənilir”.
Ekspert deyib ki, bu proses uğurlu dacam edəcəyi təqdirdə bölgədəki Azərbaycan hərbi birləşmələrinin düzülüşünə və döyüş tapşırıqlarına da təsir edəcək: “Azərbaycan SQ tədricən öz yerini hüquq-mühafizə orqanlarına verəcək. Azərbaycan-Ermənistan dövlət sərhədi tamamilə Sərhəd Qoşunlarının nəzarətində olacaq. Beləliklə, Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq Ordu “istirahət”ə gedərək sülh dövrünün qaydalarına uyğun fəaliyyət göstərməyə başlayacaq”.