Avropa İttifaqı Belarusdakı seçkiləri tanımadı –

Sanksiyalar tətbiq ediləcək
19 Avqust 2020 - 18:19

“Belarusda baş verənlər geosiyasətlə bağlı deyil, bu, milli böhrandır”.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Belarusdakı vəziyyətlə bağlı keçirilən təcili videokonfransdan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Aİ Belarus xalqı ilə həmrəydir və biz cəzasızlığı qəbul etmirik. Avqustun 9-da Belarusda keçirilmiş prezident seçkiləri azad və ədalətli olmayıb, beynəlxalq standartlarla uzlaşmayıb. Biz Belarus hökumətinin təqdim etdiyi nəticələri qəbul etmirik. Belarus xalqı daha yaxşısını və demokratik yolla lider seçməyi haqq edir”, – deyə Ş. Mişel bildirib.

Aİ Şurasının Prezidenti qeyd edib ki, Belarusda tələbələrdən adi vətəndaşlara, zavod və fabrik işçilərinə qədər hamı dinc etirazlarda iştirak edib: “Dinc etirazçılara qarşı törədilən zorakılıq və şiddət sarsıdıcı idi və bu, qəbuledilməzdir. Biz bu qəddarlığı pisləyir və bununla bağlı şəffaf araşdırmanın başladılmasını istəyirik. Belarusda baş verən nümayişlər geosiyasətlə bağlı deyil, bu, milli böhrandır. Bu, xalqın öz rəhbərliyini azad şəkildə seçməsi ilə bağlıdır. Biz belarusluların hüquqlarının yanındayıq. Aİ bu zorakılığa, seçki saxtakarlığına və repressiyalara görə məsuliyyət daşıyan əhəmiyyətli sayda individual şəxslərə qarşı sanksiyalar tətbiq edəcək”.

Ş. Mişel qeyd edib ki, Aİ Belarus hökumətini zorakılığa son verməyə və ölkənin böhrandan çıxması üçün milli dialoqa başlamağa çağırır: “Bütün tərəflər və hətta üçüncü ölkələr dialoq prosesinə dəstək verməlidir. Biz Belarusdakı situasiyanı izləyəcəyik və dialoq üçün səylərə dəstək verməyə hazır olacağıq. Sonda mən birbaşa Belarus xalqına müraciət edirəm. Biz sizin, sizin fundamental demokratik hüquqlarınızın və çiçəklənən, demokratik gələcək qurmaq arzunuzun yanındayıq”.

Mətbuat konfransında iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, bugünkü müzakirələrdə Aİ 3 əsas mesaj verib: “Biz demokratiya və fundamental azadlıqlar istəyən belarusluları dəstəkləyirik. Biz bütün bu zorakılığa, repressiyalara və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyik. Nəhayət, biz Belarusda sülh yolu ilə demokratik keçidi dəstəkləyəcəyik”.

Ursula von der Leyen vurğulayıb ki, bu çətin zamanda Belarus xalqına dəstək vermək üçün Avropa Komissiyası 53 milyona avro ayıracaq: “2 milyon avro repressiya və dövlət zorakılığının qurbanlarına yönəldiləcək. 1 milyon avro vətəndaş cəmiyyəti və müstəqil mediaya ayrılacaq. 50 milyon avro isə koronavirusla mübarizədə səhiyyə sektoru, sosial xidmətlər və müəssisələrə yönəldiləcək”. (APA)