Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünə razılıq verilib –

XİN
20 Noyabr 2021 - 14:59

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi təklifi ilə bağlı KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə 19 noyabr 2021-ci il tarixində telefon danışıqları baş tutub və Aİ Şurasının Prezidenti bu ilin 15 dekabr tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.

“Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Aİ Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib.

Post münaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçımız tərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”.