Avropa Məhkəməsi Leyla Yunusla bağlı qərarını açıqlayacaq

10 İyul 2020 - 08:01

Avropa Insan Haqları Məhkəməsi iyulun 16-da Azərbaycandan göndərilmiş iki şikayət üzrə qərarlarını elan edəcək. Həmin şikayətlər 2014 və 2017-ci illərdə göndərilib. Bu barədə Avropa Məhkəməsinin saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, qərarı elan ediləcək şikayətlərdən birində ərizəçilər Azərbaycanda həbsdə olduqdan sonra ölkədən mühacirət edən vətəndaş cəmiyyəti fəalları, tanınmış hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, institutun bölmə rəhbəri Arif Yunusdur.

Hazırda Hollandiyada yaşayan Yunuslar Azərbaycanda həbs edilmələrindən və xüsusilə məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət ediblər.

2014-cü ilin avqustunda Yunuslar, müxtəlif ittihamlarla həbs ediliblər. Onlara qarşı ittihamlar əsasən, qrantların qeydə alınmaması, erməni gizli servisi ilə əməkdaşlıqla bağlı olub. Yunuslar bir il sonra 8 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Bir neçə ay sonra sağlıq durumuna görə Arif Yunusun cəzası azaldılıb və azadlığa buraxılıb.

Daha sonra Leyla Yunus azad edilib. Onlar ölkəni tərk edərək xarici dövlətdə məskunlaşıblar. AİHM-in iyulun 16-da elan edəcəyi digər qərar Adıgözəlzadə və Şirinlinin Azərbaycana qarşı şikayətləri ilə bağlıdır. Məhkəmənin bazasında bu işlərin detalları barədə bilgi verilmir.