Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi proseduru dayandırıb. Prosedur Avropa İnsan Hüquqları Məhkəməsinin siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmamasına görə başladılmışdı.
Apreldə Ali Məhkəmə İlqar Məmmədov və onun partiyadaşı Rəsul Cəfərovun məhkumluqlarını götürüb, onlara qanunsuz həbslərinə görə kompensasiya ödəyib.
“Üzvlərimizin bu öhdəliyə çox ciddi yanaşdığını göstərir”
“Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq Avropa Şurası üzvləri Strasburq məhkəməsinin qərarlarını icra etməyə borcludurlar. Xüsusi prosedurdan görünməmiş istifadə və onun uğurla nəticələnməsi üzvlərimizin bu öhdəliyə çox ciddi yanaşdığını göstərir”, – Baş katib Marija Pejčinović Burić deyib.
“Bu eyni zamanda onu göstərir ki, konvensiya sistemi adamların həyatında real dəyişiklik yaratmaq və qitəyə pozitiv dəyişikliklər gücündədir”, – o bildirib.
AİHM-in 2014-cü ildə çıxardığı qərarda deyilirdi ki, Məmmədovun saxlanması və həbsi onun cinayət törətməsinə məntiqli şübhə olmadan baş verib və cinayət işinin əsl məqsədi siyasətçini hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.
Məhkəmə 2017-ci ilin dekabrında İ.Məmmədov barədə hökmünün icra olunmaması ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başladığını açıqlayıb. Məqsəd Azərbaycanın o zaman həbsxanada olan siyasətçi barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyini bir daha müəyyənləşdirmək idi. Nazirlər Komitəsi isə dekabrın 5-də xüsusi prosedura başlamaq qərarına gəlmişdi.
Bu il aprelin 23-də ReAL Partiyasının sədri İ.Məmmədov və partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi R.Cəfərov barəsindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəməyə boyun olub.