Avropada gəncələr neçə yaşdan sonra valideynlərindən ayrı yaşayır? –

(ÖLKƏLƏR RƏQƏMLƏR)
14 Avqust 2021 - 09:31

Avropa İttifaqı (Aİ) ölkələrində gənclər orta hesabla 26,4 yaşlarında ailə üzvlərindən ayrı yaşamağa başlayırlar.

Avropa İttifaqının Statistika Agentliyi (“Eurostat”) xəbər verir ki, 2020-ci il üzrə Avropa ölkələrində gənclərin ailə üzvlərindən ayrı yaşadıqları və öz həyatlarını qurduqları orta yaşa dair məlumatlar açıqlanıb. Məlumata görə, avropalı gənclər orta hesabla 26,4 yaşlarında ailə üzvlərindən ayrılırlar. Qadınlar kişilərdən daha tez ayrı evə köçürlər. Belə ki, qitədə kişilər 27,4, qadınlar isə 25,4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar.

İsveç Aİ ölkələri arasında gənclərin ən erkən yaşda evlərini tərk etdikləri ölkədir. Bu ölkədə gənclər orta hesabla 17.5 yaşlarında ayrı evə köçürlər.

Siyahıda sonrakı yerlərdə Lüksemburq (19.8 yaş), Danimarka (21.5 yaş), Finlandiya (22 yaş), Almaniya (23.8 yaş), Fransa (24 yaş) və Niderland (24.3 yaş) qərarlaşıb.

Xorvatiyada isə gənclər ən gec, orta hesabla 32.4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar. Slovakiyada bu göstərici 30.9, İtaliya və Maltada 30.2 yaşdır.