Avropada rekord istilər faciəyə çevrildi –2026-cı ildə 25 mindən çox insan ölüb

2026-cı ildə Avropanı bürüyən ekstremal isti hava dalğaları minlərlə insanın həyatına son qoyub. Bloomberg agentliyinin topladığı son məlumatlara görə, bu il qitədə istilərlə əlaqəli ölüm sayı 25 mini keçib.

Ən ağır vəziyyət Almaniyada qeydə alınıb. Robert Koch İnstitutu hesablamalarına əsasən, aprel ayından bəri ölkədə anomal istilər təxminən 11,9 min əlavə ölümə səbəb olub.

İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Niderlandın dövlət qurumları və elmi təşkilatlarının məlumatları da göstərir ki, region üzrə isti hava ilə əlaqələndirilən ölüm halları 25 min nəfəri ötüb.

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Avropada anomal isti dalğaları həm daha tez-tez baş verir, həm də daha uzun müddət davam edir. Bu isə xüsusilə yaşlı insanlar, ürək-damar və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

Mütəxəssislər hesab edirlər ki, ekstremal temperatur artıq təkcə ekoloji problem deyil, həm də ictimai səhiyyə üçün ən böyük risklərdən birinə çevrilib. Buna görə də Avropa ölkələri istilərlə mübarizə, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və həssas əhali qruplarının qorunması istiqamətində əlavə tədbirlər görməyə çağırılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.