ABŞ Prezidenti Donald Trampın 2028-ci il prezident seçkilərində öz siyasi varisi kimi vitse-prezident JD Vensi dəstəkləməyə meylli olduğu bildirilir.
Məlumatı The Washington Post qəzeti mənbələrə istinadən yayıb.
Nəşrin yazdığına görə, təxminən iki həftə əvvəl Oval kabinetdə donorlarla görüş zamanı Tramp “Nəhayət, biz Cey Di-ni seçməliyik” ifadəsini işlədib. Bununla belə, mənbələr prezidentin hələlik rəsmi olaraq nə Vensi, nə də dövlət katibi Marco Rubio-nu öz varisi kimi seçmədiyini bildiriblər.
Hazırda Vens Respublikaçılar Partiyasından 2028-ci il prezident seçkilərinə namizəd olmaq üçün əsas favorit hesab olunur. Bununla yanaşı, Rubio da ölkə üzrə sorğularda, həlledici ştatlardakı reytinqlərdə və partiyadaxili dəstək baxımından mövqeyini gücləndirib.
Donald Tramp daha əvvəl də Vensi Respublikaçılar Partiyasının gələcəyi və özünün ən real siyasi varisi kimi təqdim edib. Eyni zamanda o, administrasiyada bir neçə mühüm vəzifə tutan Rubionu da açıq şəkildə dəstəkləyib.
Trampın siyasi çevrəsindən olan nümayəndələrdən biri bildirib ki, “Vitse-prezident Vens Respublikaçılar Partiyasının gələcəyidir, Marko Rubio isə administrasiyada prezidentin ən yaxın müttəfiqlərindən biridir”.
Mənbələrin sözlərinə görə, Trampın yekun qərarı hələ gecikə bilər. Onun müşavirləri hesab edirlər ki, prezident partiya üzərində təsirini qorumaq istəyir və siyasi diqqətin mümkün varisə vaxtından əvvəl yönəlməsində maraqlı deyil.
Beləliklə, 2028-ci il prezident seçkilərinə hələ vaxt qalsa da, Respublikaçılar Partiyasında Vens və Rubio arasında mümkün rəqabət artıq ABŞ siyasətinin əsas müzakirə mövzularından birinə çevrilməkdədir.