Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım edib

01 İyul 2020 - 13:13

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

“Məlumat üçün bildirmək istərdik ki, sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosial xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib. UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikro maliyyələşmənin təmin edilməsi istiqamətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir. Hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb”, – deyə XİN-in məlumatında qeyd olunub.