Azərbaycan-Gürcüstan sərhədində xüsusi dəhliz yaradıldı

14 Mart 2020 - 13:05

“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan-Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək”.

Bunu “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.

N.Allahyarova deyib ki, ötən gecədən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: “Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.