Azərbaycan-Pakistan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəraçi şəhərində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

General-polkovnik K.Vəliyev dost və qardaş ölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib, habelə ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın şimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunu pisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığı verib.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

ABŞ hindistanlı milyarderin həbsi üçün order verib

Sonrakı məqalə

“Polşadakı raketdən müdafiə bazası ABŞ-ın Rusiyaya qarşı təxribatıdır”