Azərbaycan və Türkiyənin alimləri koronavirusla bağlı videokonfrans keçirib

13 May 2020 - 23:01

Türkiyə və Azərbaycanın elm adamları yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirini müzakirə ediblər.

APA Türkiyənin “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, videokonfrans vasitəsilə keçirilən seminar Azərbaycan Texniki Universitetinin (ATU) və Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

ATU-nun rektoru Vilayət Vəliyevin rəhbərliyi ilə keçirilən videokonfransda hər iki ölkənin bir çox universitet rektorları, iqtisadçı ekspertləri, alim və siyasətçiləri iştirak ediblər.

İştirakçıların COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatları olub.

V.Vəliyev Azərbaycan və Türkiyənin yeni növ koronavirusla mübarizə tədbirlərini müsbət dəyərləndirərək bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün, bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə Türkiyə və Azərbaycan universitetlərinin əməkdaşlığını daha da artırmaq lazımdır.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli vilayətinin millət vəkili Cəmil Yaman deyib ki, yeni növ koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və tək iki ölkənin deyil, dünya əhalisinin bu mübarizədə ortaq fəallığı vacibdir.

Pandemiya ilə mübarizdə Türkiyənin uğurlu nəticələr əldə etdiyini deyən deputat AKP-nin səhiyyə sahəsinə çox sərmayə yatırdığını və bu fəaliyyətin müsbət nəticələrinin göründüyünü qeyd edib.