Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.
Bu barədə XİN-in məlumatında deyilir.
Qeyd olunub ki, bu xüsusda, Ermənistanın bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.
Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən 2 sentyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normallaşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb.
Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.