Azərbaycanda ayda 8 min manatdan çox maaş alanlar kimlərdir? –

Pandemiya dövründə 190 manat yardımı neçə nəfər alıb? (RƏSMİ RƏY)
14 İyun 2021 - 11:58

Azərbaycanda özəl sektorda (neft-qaz sənayesini çıxmaqla) çalışan və maaşı 8 min manatı aşan şəxslərin sayı 4 min 626 nəfər olub.

Azpost.info bildirir ki, Hesablama Palatasının ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəyində belə yazılıb. Bununla bağlı Azadlıq radiosunun araşdırmasında qeyd olunur ki, pandemiya ilində həmin şəxslərin ümumi gəlirləri azalmayıb, əksinə, artıb. Məsələn, 2019-cu ildə 8 min manatdan çox əməkhaqqı alanların orta aylıq gəliri 11 min 100 manat olmuşdusa, ötən il bu göstərici 13 min 100 manata yüksəlib. Başqa sözlə, 2019-cu ildə həmin 4 min 626 nəfərə toplam 616 milyon manat, 2020-ci ildə isə 727 milyon manat əməkhaqqı ödənilib. Bu şəxslər 24 milyon manat gəlir vergisi ödəyiblər.

Ötən ilin sonunda təxminən 749 min nəfər dövlətdən və neftdənkənar sektorlarda çalışıb. Həmin şəxslərin illik gəliri 6 milyard 270 milyon manata yaxın səviyyədə olub. Bu o deməkdir ki, əməkhaqqı fondunun 11.6 faizi işçilərin cəmi 0.6 faizinə çatıb.

190 manatla kifayətlənənlər

Palatanın rəyində ötən il 190 manatlıq birdəfəlik ödəniş alanlarla bağlı bilgilərə də toxunulub. Məlum olub ki, ötən il ərzində 190 manatlıq ödənişlərlə bağlı bütövlükdə 448 milyon manat xərclənib. Yəni, 4 min 600 nəfərin bir ildəki əməkhaqqı hökumətin 600 min insana il ərzindəki yardımından təxminən iki dəfə çox olub.

Cədvəl: 190 manat məbləğində birdəfəlik ödəmənin gerçəkləşdirildiyi aylar və ödəmə ilə təmin edilmiş şəxslər barədə məlumat

Ay 190 manat ödəniş alanların sayı Sərf edilən toplam vəsait (manatla)
Aprel 600 min 114 milyon 339 min
May 585 min 497 111 milyon 633 min
İyun-İyul 282 min 808 53 milyon 921 min
Avqust 271 min 668 51 milyon 797 min
Noyabr 96 min 587 18 milyon 415 min
Dekabr 512 min 206 97 milyon 659 min
Cəmi 2 milyon 348 min 447 milyon 827 min

Cədvəldən göründüyü kimi, yalnız ötən ilin aprelində 600 min insan 190 manatlıq birdəfəlik ödənişlə təmin edilib. Digər dövrlərdə ödəniş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilər üzrə aparılıb.

Palata birdəfəlik ödənişlərin tətbiqində bəlli çatışmazlıqların da olması qənaətindədir. Qurumun rəyində qeyd edilir ki, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı birdəfəlik ödəmənin ailələrə deyil, yalnız işsiz kimi qeydiyyata alınmış şəxsə ünvanlanması bu hüququn formalaşdırılması zamanı ailə gəlirlərinin nəzərə alınmamasına səbəb olub. “Koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, birdəfəlik ödəmənin ünvanlılığı ailəyə deyil, konkret fərdə, yəni işsiz kimi qeydiyyata alınmış şəxsə aid edilib.

Həmin qaydalarda ailə üzvləri deyərkən, əsasən, ər və ya arvad nəzərdə tutulub və yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeyd edilib. Digər hallarda ailənin yaşı 18-i aşan digər üzvlərinin mövcud şərtlər daxilində işsiz kimi qeydiyyata alınmaqla, ödəmə ilə təmin hüququnun olduğu vurğulanıb.

Ancaq birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin birgə yaşadığı ailənin toplam gəlirlərinin nəzərə alınmaması ailənin toplam gəlirinin yaşayış minimumunu aşması halında da sözügedən ödənişlərə əsas verib. Bundan müraciət edərək işsiz kimi qeydiyyata alınmış şəxslər faydalanıblar. Halbuki yaşayış minimumu ailənin toplam gəlirlərinin ailə üzvlərinin sayına nisbəti əsasında müəyyənləşdirilir.