“Rəsmi statistikaya görə Azərbaycan Respublikası əhalisinin 1,2 milyonu və ya 12,4 faizi qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşündə deyib.
Beynəlxalq və daxili miqrasiya proseslərinin bilavasitə qaçqın və məcburi köçkünlərlə birbaşa əlaqəli olduğunu xatırladan T.Budaqov qeyd edib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatların nəzərə alınması vacib məsələlədəndir. Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra yaranıb.
Tahir Budaqov oktyabrın 1-dən 10-dək ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib.
Qeyd olunub ki, qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar əhalinin siyahıyaalınması zamanıda əldə olunur.
Qeyd olunanlarla yanaşı qaçqın və məcburi köçkünlər haqqında bir sıra statistik məlumatlar “Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı” vasitəsi ilə də əldə edilir. Vətəndaşlığı olmayan şəxslərə dair statistik məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1-miqrasiya №-li rüblük (illik) rəsmi statistika hesabatı forması vasitəsilə real-vaxt rejimində əldə olunur.