Azərbaycanda koronavirusa yoluxanların sayı 165-ə çatdı –

3 ölüm faktı qeydə alınıb (OPERATİV QƏRARGAH)
28 Mart 2020 - 09:54

Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 165-dir və koronavirusdan 3 ölüm faktı qeydə alınıb.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatında deyilir. Hazırda  aktiv koronavirus xəstələrinin sayı 147 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 6 isə ağırdır.

28 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.