Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.
Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur.
Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.
Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb.
Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
***
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.
Bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”