Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.
Yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən müharibəsi iştirakçısı, yaralı, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.
Antalya vilayətinin Alaniya rayonundan gələn klinik-psixoloq Ayşə Albayrak Karaca APA-ya açıqlamasında bildirib k, Azərbaycanda müharibədən əziyyət çəkənlərə dəstək olmaq, yardım əli uzatmaq üçün gəliblər: “Biz travma qorxuları, qayğıları, ailələrindən uzaqlaşan, mənfi düşüncələrə qapılan şəhid ailələri, qazilər, müharibədən əziyyət çəkən insanlara dəstək olmaq məqsədilə buradayıq. Müraciət edənlər əsasən qorxuları, panik-atakları olan, depressiyadan əziyyət çəkən, yuxu problemi olan insanlardır. Biz də onlara dəstək oluruq”.
İstanbuldan gələn mütəxəssis Eda Albayram APA-ya açıqlamasında deyib ki, bu işin içində olmaq onlar üçün çox qiymətlidir: “Bir fırtına olur, qorunmaq üçün sığınacağa gedirsən. Daha sonra isə normal həyata geri dönürsən, amma bu travmanı sağlam şəkildə keçirə bilmirsənsə, onun təsirində qalmağa davam edirsən. Bizim burada göstərdiyimiz müdaxilə həmin şəxslərin normal həyatına geri dönə bilməsi üçündür. Əsgərlər, qazilər spesifik olaraq travma sonrası təsirdədirlər, bəzi simptomlar yaşayırlar. Bunun üçün çalışırıq ki, həmin problemlər qalıcı olmasın və həmin şəxslər normal həyata geri dönə bilsin. Çünki həmin problemlər qalıcı olanda normal həyata adaptasiya ola bilmirlər. Sağalma müddəti şəxsə görə dəyişir. Terapiyadakı əsl məqsəd necə yaşayırsansa yaşa, amma həqiqət olan bir şey var, həmin şəxsi də həqiqətə, normal həyata geri döndürməkdir”.
Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili Şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva isə APA-ya açıqlamasında qeyd edib ki, Vətən Müharibəsindən sonra müharibənin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ölkədə aparılan işlərə dəstək olmaq, müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə, terrordan fiziki və mənəvi zərər görən insanların psixoloji reabilitasiyasını təmin etmək, eyni zamanda ölkədəki digər psixoloqlara kömək, dəstək olmaq məqsədilə FHN-in dəvəti ilə Türkiyədə 20 klinik-psixoloq və psixoterapevt dəvət olunub: “Bu günə qədər respublikanın müxtəlif yerlərindən 100-ə yaxın vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər Bakı, Sumqayıt, Abşeron, Siyəzən, Quba, Qusar, Bərdə, Tərtər, Ağdam və digər yerlərdəndir. Müraciət edənlərin sırasında əsas etibarilə müharibədə iştirak edib hazırda tərxis olunan, qazilər, şəhid ailələri, terrordan əziyyət çəkən insanlar var”.
X.Sofiyeva qeyd edib ki, müharibəyə bu və ya digər dərəcədə aidiyyəti olan, müəyyən psixoloji narahatlıqlar yaşayan insanlar həftənin bütün günlərində 24 saat ərzində 112 “Qaynar xətti”nə müraciət edərək qeydiyyatdan keçə və bu yardımdan faydalana bilərlər: “Türkiyədən gələn mütəxəssislər hər sahədə bizə kömək olduqları kimi bu sahədə də çox həvəslə, ürəkdən bu işə qoşulublar. Yuxu problemləri olan, döyüş meydanlarında yaşadıqları faciəvi hadisələri təkrar-təkrar yaşayan, depressiv, müəyyən qədər həyatdan bezmiş vəziyyətə düşən, suisid fikirləri olan, ən adi qıcıqlara belə çox aqressiv davranış göstərən, cəmiyyətdən, öz yaxınlarından belə uzaqlaşan insanlar var, bunlar müharibənin mənfi fəsadlarıdır. Bu hallara vaxtında və düzgün qaydada müdaxilə edib psixoloji yardım almaq lazımdır. Bunun üçün sadəcə 112 “Qaynar xətti” nə müraciət edərək qeydiyyatdan keçmək kifayətdir”.