Azərbaycandan Çinə yardım göndərildi

- Koronavirusla mübarizə üçün (FOTO)
08 Fevral 2020 - 17:00

Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyan şəhərinə tibbi ləvazimatlar göndərib.

APA-nın yerli bürosunun məlumatına görə,  Mienyana 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərilib.

2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyindən, bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Mienyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 252, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarəti altındadır.