“Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabında bildirib.
S. Lavrov deyib ki, Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var.
Rusiya XİN başçısı xatırladıb ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir.
İranlı həmkarı ilə bugünkü görüşdə Konvensiyanın tezliklə qüvvəyə minməsinin vacibliyinin qeyd olunduğunu deyən S. Lavrov əlavə edib ki, Konvensiyanın qüvvəyə minməsi üçün İran sənədi ratifikasiya etməsi lazımdır: “Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimini təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq”.