“Azərbaycan tək deyil, bunu hər kəs bilsin!” –

Hulusi Akar Bakıda bəyanat verdi
09 Noyabr 2021 - 12:53

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir çıxışında demişdi ki, biz barış göyərçini olmaq istəyirik ”.

Bunu Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

H. Akar deyib ki, Vətən müharibəsində haqlı bir mübarizə aparılıb: “Hər hansı bir ölkənin torpağı işğal olunmayıb, hər hansı xalqın, qrupun haqqı qəsb olunmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün səy göstərdi. Bundan sonrakı dövrdə düşmənçiliklə bir yerə gedilə bilinməyəcəyini Ermənistan başda olmaqla, hər kəsin anlaması və gələcəyə baxması lazımdır. Bu mənada əməkdaşlıq, tərəflərin təhlükəsizliyi, haqq və mənfəətlərinin qorunması, xalqların rifahı baxımından görüş və danışıqların keçirilməsinin vacibliyi ilə bağlı həm Prezident İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamaları var”.

Türkiyənin müdafiə naziri Azərbaycanın yalnız olmadığını vurğulayıb: “Bunu hər kəsin bilməsi lazımdır. Biz əlimizi daşın altına qoyduq və hər zaman da qoyacağıq”.

H. Akar qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT 30 il ərzində münaqişənin həlli ilə bağlı bir addım atmadı: “Ermənistan siyasi-hərbi rəhbərliyi o qədər arxayınlaşdı ki, yenə hücum etməyə çalışırdılar. Keçən ilin iyununda, iyulunda əməllərini xatırlayaq. Bunun qarşılığında bizim Azərbaycanla birlikdə olmamız çox təbiidir. Azərbaycan və Türkiyə tək millət, iki dövlətdir. Bunu hər kəsin bilməsi lazımdır. Biz Azərbaycanın yanındayıq”.