“”Azərlotereya”nın büdcəyə ödəmədiyi milyonlarla borcu necə olacaq?” –

Ekspert rəyləri 
16 Yanvar 2021 - 17:29

Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Ekspertlər “Azərlotoreya”nın hazırkı vəziyyəti barədə şərh verərkən qurumda bir sıra problemləri sadalayıblar.

İqtisadçı Rövşən Ağayev deyib ki, Hesablama Palatası hər il büdcə rəylərində bu şirkətin imkanı, daha çox mənfəəti olmasına baxmayaraq büdcəyə proqnozlaşdırılan dividendini tam həcmdə ödəmədiyini xüsusi vurğu ilə qeyd edirdi.

“Məsələn, 2014-də ümumiyyətlə ödəməyib. 2015-2019-cu illərdə isə 8.4 mln. manat proqnozlaşdırılıb, amma cəmi 3.5 mln. manat ödəyib. Nəticədə ödəmədiyi dividendlər yığılıb onun maliyyə hesabatında az qala 8 mln. manatlıq bölüşdürülməmiş mənfəət maddəsini şişirdib” –deyə o vurğulayıb.

R.Ağayevin sözlərinə görə, indi bu şirkəti idarəetməyə verərkən heç olmazsa həmin bölüşdürülməmiş mənfəəti ödəmədiyi dividendlər hesabına dövlət büdcəsinə köçürməlidir.

Digər ekspert Samir Əliyev qeyd edib ki, 2019-cu ildə “Azərlotoreya” ASC dövlət büdcəsinə və büdcədənənar fondlara ümumilikdə 4,5 milyon manat, dividend şəklində isə 500 min manat ödəyib. “Şirkət 2019-cu ildə ümumilikdə 60 milyon manata yaxın gəlir əldə edib. Şirkətin aktivləri 16,6 milyon manatdan çoxdur. Şirkətin bağlanmış “Texnikabank”da 1 milyon manatdan çox vəsaiti ümidsiz olaraq qalmaqdadır”.