Azərbaycanda seçkiqabağı “sükut günüdür” –1314 deputatlığa namizəd sabahı gözləyir

Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08.00-da başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edib.

Qeyd edək ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış yəni, yanvarın 17-də başlanıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də MSK 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun, fevralın 7-də 86 saylı İsmayıllı Dairə Seçki Komissyasının Məzahir Şahvələdovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarlarını ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 22 dəfə pozub

Sonrakı məqalə

Bakı Şəhər İcra Hakimiyyəti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib