“Azərbaycandakı dinlərarası dialoq digər ölkələr üçün müsbət örnəkdir”-Katolik kilsəsinin dini rəhbəri

Xəbər verdiyimiz kimi, fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Görüş zamanı Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete isə Trend-ə açıqlamasında bildirib ki, Papanın və kardinal Pietro Parolin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı qəbul etməsi onu göstərir ki, Azərbaycan Vatikanda böyük hörmətə malikdir. Onun sözlərinə görə, Papa ilə görüşə bir çox ölkələrin nümayəndələri can atır: Hörmətli Prezident İlham Əliyevin iştirak etdiyi bu dinlərarası dialoq vacib əhəmiyyət kəsb edir. Bu fikir bir çox forumlarda səsləndirilib ki, dövlətin siyasəti və tarixi şərait Azərbaycana əsas etnik qruplar arasında hörmət münasibətləri quran məkana çevrilməyə imkan verir. Bu siyasətin nəticəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə yəhudi icmasının nümayəndələri arasındakı münasibətlərin nümunəsində də özünü göstərir”.

V.Fekete qeyd edib ki, bu, müxtəlif ölkələrdən olan qonaqlar tərəfindən Azərbaycanda müşahidə edilən vacib faktdır: “Mən artıq 10 ildir, Azərbaycanda yaşayıram və Katolik kilsəsinin dini rəhbəri olaraq xidmətimi həyata keçirirəm. Bu vaxt ərzində Azərbaycanda dini qruplar arasında yüksək səviyyəli əlaqələrlə və tarixin incəlikləri ilə kifayət qədər tanış ola bilmişəm. Əminəm ki, din xadimləri arasında müsbət əlaqələr həmişə yalnız möminlər üçün deyil, eləcə də bütün cəmiyyət üçün faydalı olacaq”.

Katolik kilsəsinin başçısı əlavə edib ki, bizim bayramlarımız Azərbaycanda layiqincə qeyd olunur, tədbirlərə xaricdən qonaqlar, digər dini icmaların nümayəndələri qatılır. Heç də bütün ölkələrdə multikulturalizmə Azərbaycandakı kimi layiqli münasibət, hörmət yoxdur:

“Dinlərarası dialoq hər zaman önəmlidir. Bəzi ölkələrdə yaşanan çətinliklər siyasətçilərin dinlərarası dialoqun uğursuzluqları barədə bəyanatlar verməsinə səbəb olub. Azərbaycan isə digər ölkələr üçün müsbət örnəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

Sonrakı məqalə

Goranboyda qətl törədən polis leytenantının məhkəməsi başlayıb