Azərbaycanlı idmançı Leon Eloyanı məğlub etdi, Avropa çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçular arasında Avropa birinciliyi davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 1 medal qazanan Azərbaycan millisi bu gün aktivinə daha 2 mükafat əlavə edib.

Məmməd Abdullayevlə Zahid Məmmədovun rəhbərlik etdiyi komandada Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycan himnini səsləndiriblər.

2019-cu ildə analoji birincilikdə 3-cü olan Dadaşov startda Zak Sarsozanı (Böyük Britaniya) məğlub edib. O, ardınca müvafiq olaraq, polşalı Mateus Çrzanovskiyə, gürcüstanlı Aqil Əhmədova və türkiyəli Emre Tasa qalib gəlib. Səyyad finalda Rusiyanı təmsil edən erməni əsilli Leon Eloyanla döyüşüb. Taekvondoçumuz uğurlu seriyanı davam etdirərək, bu dəfə də dayanqdan qalib ayrılaraq Avropa çempionu tituluna yiyələnib.

Onun kimi, Həsənzadə də bütün rəqiblərindən güclü olduğunu nümayiş etdirib. Xanım idmançımız müvafiq olaraq Sofiya Qarsiya (İspaniya), Lilli Ettelbruk (Almaniya) və Antonina Valjak (Polşa) üzərində qələbə qazanmaqla finala yüksəlib. Zemfira həlledici görüşü də aktivinə yazıb. O, italiyalı Juliya Qalieronu məğlub etməklə qızıl medala yiyələnib.

Qeyd edək ki, yarışın ilk günündə Pünhan Mürsəlov (45 kq) komandamıza bürünc medal qazandırıb. Noyabrın 15-dək davam edəcək birinciliyə millimiz 15 idmançı ilə yollanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QMİ-də xarici jurnalistlə görüş keçirilib –

Sonrakı məqalə

Sumqayıtda itkin düşən 13 yaşlı uşaq tapılıb