Azərbaycan neftdən 207 milyard dollar qazanıb– Bu pullar hara xərclənib?

Azərbaycan son 25 ildə yalnız Dövlət Neft Fondu (ARDNF) xətti ilə neft və qaz sazişlərinin icrasından 192,4 milyard ABŞ dolları xalis gəlir əldə edib.

Azpost.info bildirir ki, bura fondun vəsaitlərinin idarə edilməsindən qazanılan investisiya gəlirləri (14,9 milyard dollar) də əlavə olunarsa, ümumi rəqəm 207,3 milyard ABŞ dollarına çatır.

Buna Dövlət Neft Şirkətinin (SOCAR) birbaşa gəlirləri, ölkə daxilində yığılan vergilər və 2025–2026-cı illərin cari ixrac daxilolmaları da əlavə edildikdə, ümumi karbohidrogen gəlirlərinin həcmi daha da böyükdür.

 Bu pullar hara xərclənib?

Toplanan 207,3 milyard dollar gəlirin 147,3 milyard dolları müvafiq dövrdə xərclənib.

Xərclər bir sıra istiqamətlər üzrə bölünüb.

Pulun 132,6 milyard dolları dövlət büdcəsinə transfer edilib. Bu, ümumi xərclərin 90%-dir. Bu vəsait ölkədəki maaşların, pensiyaların və infrastruktur layihələrinin maliyyələşməsinə gedib.

11,9 milyard dollar strateji layihələrin maliyyələşdirilməsinə xərclənib. Bura Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP, Oğuz-Qəbələ-Bakı su kəməri, Dövlət proqramları daxildir.

Digər və əməliyyat xərcləri isə təxminən 2,8 milyard dollar təşkil edib.

Xərcləmələrdən sonra qalan vəsaitlər və qlobal bazarlardakı aktivlərin dəyər qazanması nəticəsində Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb. Bu məbləğin 73,5 milyard dolları birbaşa Dövlət Neft Fondunun aktivlərində saxlanılır və ölkə üçün “maliyyə yastığı” rolunu oynayır.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.