Azərbaycanda qeyri-neft sektorunun inkişaf strategiyasında regionların payının artırılması əsas hədəf kimi qarşıya qoyulub.
Paytaxt Bakının üzərinə düşən demoqrafik və iqtisadi yükü azaltmaq, regionlarda yaşayan əhalinin rifahını yüksəltmək və yerli resurslardan səmərəli istifadə etmək birbaşa bölgələrdəki infrastrukturun keyfiyyətindən asılıdır. Son illər icra olunan Regional İnkişaf Dövlət Proqramları göstərir ki, müasir infrastruktur yalnız yol və kommunikasiya demək deyil, həm də minlərlə yeni iş yeri deməkdir.
Bölgələrdə yeni iş yerlərinin yaradılmasında sənaye məhəllələri və aqroparklar xüsusi rol oynayır. Sumqayıt, Mingəçevir, Pirallahı sənaye parkları ilə yanaşı, Hacıqabul, Masallı, Neftçala və Sabirabadda yaradılan sənaye məhəllələri regional işsizliyin azaldılmasına ciddi töhfə verir.
Bu zonaların əsas üstünlüyü ondan ibarətdir ki, dövlət sahibkarlar üçün hazır infrastruktur (qaz, su, elektrik, yol, rabitə) təqdim edir və vergi, gömrük güzəştləri tətbiq edir. Nəticədə yerli və xarici investorlar bölgələrə investisiya qoymağa maraq göstərirlər. Aqroparkların yaradılması isə kənd təsərrüfatı ilə məşğul olan rayonlarda həm mövsümi, həm daimi iş yerlərinin açılmasına, məhsulun emalı və logistikası sahəsində yeni sahələrin formalaşmasına şərait yaradır.
Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr
Hazırda ölkədə infrastruktur və məşğulluq mövzusundan bəhs edərkən işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işlərini xüsusi qeyd etmək lazımdır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında müəssisələrin fəaliyyətə başlaması, habelə beynəlxalq hava limanlarının, dəmir yollarının və magistralların inşası on minlərlə insanın işlə təmin olunmasına imkan yaradıb. Bu layihələr təkcə həmin bölgələrin deyil, ətraf rayonların da əmək bazarına müsbət təsir göstərir.
İnfrastrukturun sosial-iqtisadi effekti
Yolların yenidən qurulması, qaz, su və elektrik təchizatının yaxşılaşdırılması regionlarda xidmət və turizm sektorunun da önünü açır. Xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astaraya çəkilən müasir yollar və yaradılan logistik mərkəzlər turizm obyektlərinin, otellərin və iaşə müəssisələrinin sayını artırır. Bu isə gənclər üçün regional məşğulluq alternativləri deməkdir.
İnfrastruktur layihələrinin uğuru həm də daxili miqrasiyanın (urbanizasiyanın) qarşısını alan ən mühüm amildir. Bölgədə sabit iş yeri, keyfiyyətli təhsil və səhiyyə infrastrukturu tapan vətəndaşın paytaxta köçmək ehtiyacı azalır.
Dövlət statistika hesabatları göstərir ki, bölgələrdə açılan iş yerlərinin böyük hissəsi özəl sektorun payına düşür. Bu, regionlarda kiçik və orta sahibkarlığın (KOB) inkişaf etdiyinin əyani göstəricisidir. Dayanıqlı inkişaf üçün regional peşə məktəblərinin şəbəkəsini genişləndirmək və əmək bazarının müasir tələblərinə uyğun kadrlar hazırlamaq infrastruktur layihələrinin effektivliyini daha da artıracaqdır.
Regionlarda inkişafı ləngidən amillər hansılardır?
Həyata keçirilən irimiqyaslı layihələrə və dövlət dəstəyinə baxmayaraq, regionların əmək bazarında və iqtisadi ekosistemində bəzi dərin problemlər hələ də qalmaqdadır. Ekspertlər və mövcud mənzərə regional inkişafın tam səmərə verməsi üçün aşağıdakı çətinliklərin aradan qaldırılmasını vacib hesab edirlər:
Maaş fərqi və “cəlbedici olmayan” iş yerləri: Bölgələrdə açılan yeni iş yerlərinin əhəmiyyətli hissəsi kənd təsərrüfatı, mövsümi tikinti və ya xidmət sahələrini əhatə edir. Bu sahələrdə təklif olunan orta aylıq əməkhaqqı paytaxt Bakı ilə müqayisədə xeyli aşağıdır. Aşağı gəlir səviyyəsi gənc və ixtisaslı kadrların bölgələrdə qalmasına mane olan ən böyük amildir.
Kadr çatışmazlığı və peşə təhsilinin zəifliyi: Sənaye parklarında və müasir aqroparklarda texnoloji avadanlıqlarla işləyə biləcək mühəndis, aqronom və texnik tapmaq ciddi problemə çevrilib. Regional peşə məktəbləri və kolleclər əksər hallarda əmək bazarının müasir tələblərinə cavab verən kadrlar hazırlaya bilmir. Nəticədə, bölgədəki zavoda rəhbər və ya mütəxəssis kadr yenə də Bakıdan gətirilir.
Maliyyə resurslarına əlçatanlığın çətinliyi: Regionlarda fəaliyyət göstərən xırda və orta sahibkarlar üçün bank kreditlərinin faizləri hələ də çox yüksəkdir. Paytaxtdan kənarda yerləşən daşınmaz əmlaklar banklar tərəfindən likvid girov kimi qəbul edilmir və ya dəyərindən çox ucuz qiymətləndirilir. Bu da yerli təşəbbüslərin maliyyələşməsini iflic edir.
Mövsümlülük və dayanıqsızlıq faktoru: Xüsusilə aqrar sektor və turizm üzərində qurulan regional məşğulluq kəskin mövsümi xarakter daşıyır. Məsələn, bir rayonda yay mövsümündə və ya məhsul yığımı dövründə işsizlik minimuma ensə də, qış aylarında gizli və aşkar işsizlik yenidən kəskin artır.
Daimi və dayanıqlı istehsal sahələrinin sayı isə hələ də yetərli deyil.
Samir Abdulla