Azərbaycanda əcnəbilər üçün yeni elektron xidmət istifadəyə verildi

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yeni elektron xidmət istifadəyə verilib. Bundan sonra onlar ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciətləri onlayn qaydada edə biləcəklər.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, müvəqqəti olma müddətinin uzadılması barədə qərar artıq kağız daşıyıcıda deyil, elektron sənəd formasında təqdim olunacaq. Dövlət rüsumu ödənildikdən sonra qərar müraciət edənin myGov portalındakı elektron kabinetinə yerləşdiriləcək və eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək.

Vüsal Hüseynov bildirib ki, bununla yanaşı, vətəndaşlar əvvəlki kimi fiziki qaydada da müraciət etmək imkanına malik olacaqlar.

Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, əvvəllər kağız daşıyıcıda verilmiş qərarlar üzərində göstərilən müddətin sonunadək hüquqi qüvvəsini saxlayacaq.

Məlumata görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadıla bilər:

  • təcili müalicəyə ehtiyac yarandıqda;
  • Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • valideynin, həyat yoldaşının, övladın, qardaşın və ya bacının müvəqqəti olma müddəti uzadıldıqda;
  • xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması ilə əlaqədar onu dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə;
  • tranzit keçid zamanı məcburi dayanma hallarında.

Yeni elektron xidmətin əcnəbilər üçün miqrasiya prosedurlarını daha operativ və rahat həyata keçirməyə imkan verəcəyi bildirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.