Antarktida sahillərindəki buz örtüyünün altında alimlər dünyanın ən böyük balıq çoxalma koloniyasını aşkar ediblər. Tədqiqat zamanı dənizin dibində təxminən 60 milyon balıq yuvası qeydə alınıb.
Azpost.info bildirir ki, bu barədə Daily Galaxy portalı məlumat yayıb.
Kəşf Almaniyanın RV Polarstern elmi gəmisində çalışan tədqiqatçılar tərəfindən Ueddell dənizinin ekosistemini araşdırarkən edilib.
Alimlər əvvəlcə balıqların çoxalma sahələrini axtarmırdılar. Onlar dəniz dibini müşahidə etmək üçün sualtı OFOBS kamerasından istifadə edərkən təsadüfən nəhəng yuva koloniyasını görüblər. İlk olaraq qeyri-adi görüntünü doktorant Lillian Berinqer müşahidə edib.
Araşdırmalar göstərib ki, yuvalar qanında hemoqlobin olmayan nadir Neopagetopsis ionah buz balığı növünə məxsusdur. Koloniya 240 kvadrat kilometr ərazini əhatə edir və hər yuvada orta hesabla 1700 kürütökmə yumurtası yerləşir. Yumurtalar isə yetkin balıqlar tərəfindən qorunur.
Mütəxəssislərin sözlərinə görə, koloniyanın yerləşdiyi əraziyə ətraf mühitdən təxminən 2 dərəcə daha isti su axınları daxil olur. Bu axınlar zooplankton gətirdiyi üçün yeni doğulan balıqlar üçün əlverişli qidalanma şəraiti yaradır.
Tədqiqatçılar bölgədə çoxlu sayda ölmüş buz balıqlarının qalıqlarını da aşkar ediblər. Bu isə koloniyanın suitilər və digər dəniz yırtıcıları üçün mühüm qida mənbəyi olduğunu göstərir.
Alimlər hesab edirlər ki, bu ərazi dünya okeanında indiyədək aşkarlanmış ən böyük fasiləsiz balıq çoxalma koloniyasıdır və onun qorunan dəniz zonası elan edilməsi təklif olunur.