Azərbaycanın İslam həmrəyliyi mesajı –Bakı niyə dialoq platformasına çevrilir?

Dünyada dini, məzhəbi və mədəni qarşıdurmaların dərinləşdiyi bir vaxtda Azərbaycanın özünü təqdim etdiyi əsas mesajlardan biri dialoq, tolerantlıq və həmrəylikdir.

Bu yanaşma yalnız ölkənin daxili dini münasibətləri ilə məhdudlaşmır. Bakı son illərdə İslam dünyası daxilində dialoqun, məzhəblərarası anlaşmanın və müxtəlif dini-mədəni platformaların keçirildiyi məkanlardan birinə çevrilməyə çalışır.

Bu xəttin siyasi ifadəsi son olaraq Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında səsləndi. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərdiyini və bu prosesdə “birləşdirici rol” oynadığını bildirdi. Prezident Azərbaycanın tarixinin, bu gününün, siyasi addımlarının və imkanlarının belə bir rol üçün şərait yaratdığını vurğuladı.

Bu fikrin praktiki davamı kimi 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransının 16-cı sessiyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Azərbaycan həmin dövrdə İƏT-ə sədrlik də edəcək. Rəsmi səviyyədə Bakının gündəliyində İslam həmrəyliyinin möhkəmləndirilməsi, təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsi və üzv dövlətlərin ümumi maraqlarının təşviqi dayanır.

Azərbaycanın dünyaya verdiyi mesaj nədir?

Azərbaycanın bu istiqamətdəki mesajını bir neçə istiqamətdə ümumiləşdirmək mümkündür.

Birincisi, İslam daxilində fərqlilik qarşıdurma səbəbi olmamalıdır. Azərbaycan öz daxilində şiə və sünni icmaların birgə yaşadığı modelini də bu kontekstdə təqdim edir. QMİ-nin əvvəlki açıqlamalarında Azərbaycanda hər iki məzhəbin nümayəndələrinin eyni məscidlərdə ibadət etməsi xüsusi vurğulanıb.

İkincisi, din siyasi qarşıdurmanın alətinə çevrilməməlidir. Azərbaycanın rəsmi dini siyasətində dini radikalizm, ekstremizm, islamofobiya və dindən siyasi məqsədlərlə sui-istifadəyə qarşı mövqe ön plana çıxarılır. 2026-cı ilin iyununda Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşündə qəbul edilən Kommünikedə də məzhəblərarası anlaşmanın və İslam həmrəyliyinin təşviqi, dini radikalizm, ekstremizm, terrorizm və islamofobiyaya qarşı əməkdaşlığın gücləndirilməsi qeyd olunub.

Üçüncüsü, Azərbaycan dini həmrəyliyi yalnız dini məsələ kimi deyil, sülh və humanitar əməkdaşlıq platforması kimi təqdim edir. Bu baxımdan tolerantlıq mesajı Azərbaycanın daha geniş multikulturalizm siyasəti ilə birləşir.

Heydər Əliyev xəttindən İlham Əliyev siyasətinə

Azərbaycanın milli-mənəvi dəyərlərə və multikultural irsə münasibətində Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq fəlsəfəsi mühüm siyasi çərçivə kimi təqdim olunur. Bu yanaşmada milli kimliklə dini kimlik bir-birinə qarşı qoyulmur. Əksinə, Azərbaycan modeli dini etiqad azadlığını, milli-mənəvi irsi və dünyəvi dövlət prinsipini eyni siyasi çərçivədə birləşdirməyə çalışır. Son illərdə bu yanaşma beynəlxalq tədbirlərlə də müşayiət olunur. Bakıda İslam dünyası, müsəlman dini liderləri, Türk dünyası və müxtəlif dini icmaların iştirakı ilə keçirilən tədbirlər Azərbaycanın özünü dialoq məkanı kimi təqdim etməsinin praktik vasitələrindən birinə çevrilib.

Sentyabr ayında Bakıda TDT-nin Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində Seyid Yəhya Bakuvinin irsi və mötədil dəyərlərlə bağlı beynəlxalq konfransın keçirilməsi də bu xəttin nümunələrindəndir. Dövlət Komitəsi bu tədbiri mənəvi-mədəni inteqrasiya və dini əməkdaşlığın gücləndirilməsi kontekstində təqdim edib.

QMİ və onun sədri Allahşükür Paşazadənin rolu burada nədir?

Bu siyasətin dini müstəvidə təqdimatı və beynəlxalq dini dairələrə çatdırılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin uzunmüddətli fəaliyyəti ayrıca qeyd edilməlidir. A. Paşazadənin çıxışlarında əsas xətt dini qarşıdurmadan çox dialoq, məzhəblərarası anlaşma və sülh çağırışları üzərində qurulur. O, müxtəlif platformalarda din xadimlərinin missiyasının münaqişə və qarşıdurmaya deyil, sülh və əmin-amanlığa xidmət etməli olduğunu vurğulayıb. Bu baxımdan QMİ sədrinin fəaliyyəti yalnız dini icma daxilindəki məsələlərlə məhdudlaşmır. O, Azərbaycanın dini həmrəylik və tolerantlıqla bağlı rəsmi siyasi xəttinin dini auditoriyalara çatdırılmasında təmsilçi funksiyası da daşıyır.

Son çıxışlarından birində A.Paşazadə Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq, əməkdaşlıq platformaları və beynəlxalq forumlarla dünya gündəmində olduğunu bildirib. O, xüsusilə Seyid Yəhya Bakuvinin irsinin məzhəblərarası anlaşma və İslamın mötədil dəyərləri baxımından beynəlxalq ictimaiyyətə təqdim edilməsini əsas məqsədlərdən biri kimi göstərib. Bu yanaşmanın maraqlı tərəfi odur ki, Azərbaycan burada dini irsi yalnız keçmişin mədəni mirası kimi təqdim etmir. Bakuvi irsi müasir dünyada dini dözümlülük, dialoq və mənəvi həmrəylik üçün ideya mənbəyi kimi önə çıxarılır.

Bakı qarşıdurma deyil, dialoq məkanı kimi

Müasir beynəlxalq münasibətlərdə din artıq yalnız ibadət və mənəviyyat məsələsi deyil. Dini kimlik bəzən siyasi qarşıdurmaların, radikal ideologiyaların və sosial parçalanmaların mühüm elementinə çevrilir. İslamofobiya, antisemitizm, xristianofobiya, dini radikalizm və məzhəb qarşıdurmaları müxtəlif regionlarda təhlükəsizlik məsələsinə qədər yüksələ bilir. Belə bir şəraitdə Azərbaycanın verdiyi mesaj daha geniş məna qazanır: dini fərqlilik qarşıdurma üçün deyil, dialoq üçün əsas ola bilər.

Azərbaycanın 2027-ci ildə İƏT-in Zirvə Konfransına ev sahibliyi etməsi bu mesajın beynəlxalq səviyyədə müzakirəsi üçün əlavə imkan yaradır. Bakı üçün əsas məsələ yalnız böyük tədbirin keçirilməsi deyil, həmin platformada İslam dünyasının ortaq problemlərinin – təhlükəsizlik, iqtisadi əməkdaşlıq, islamofobiya, humanitar məsələlər və məzhəblərarası münasibətlərin – müzakirə olunmasıdır.

Bu mənada Azərbaycanın dini həmrəylik siyasəti üç xəttin kəsişməsində dayanır: daxildə tolerantlıq, İslam dünyasında məzhəblərarası anlaşma və beynəlxalq səviyyədə dinlərarası dialoq.

Azərbaycanın dünyaya göndərdiyi mesaj da məhz burada formalaşır: dini və məzhəbi fərqlər cəmiyyətləri parçalamaq üçün deyil, qarşılıqlı anlaşmanı gücləndirmək üçün istifadə oluna bilər.

Bakı özünü bu prosesdə yalnız tədbirlərə ev sahibliyi edən ölkə kimi deyil, müxtəlif dini və mədəni qrupların dialoq qurduğu platforma kimi təqdim edir. Prezident İlham Əliyevin “birləşdirici rol” vurğusu və QMİ sədri Allahşükür Paşazadənin dini müstəvidə apardığı təbliğat bu siyasi xəttin iki fərqli – dövlət və dini  müstəvidə ifadəsidir.

Aydın Əliyev

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.