Bu gün, mayın 25-də Sabirabad rayon Məhkəməsi (Bakıdan 170 kilometr cənub-qərb), Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib.
Bu barədə Amerikanın Səsinə Faiq Əmirlinin ailəsindən bildiriblər.
“Biz, ailəlikcə Faiqin valideynlərini ziyarət etmək üçün onun anadan olduğu Sabirabad rayonunun Rüstəmli kəndinə gəlmişik. Bu gün, saat 15-də bir polis əməkdaşı və bir mülki geyimli şəxs gəldi ki, rayonun polis rəisi Faiqlə söhbət etmək istəyir. Faiq onlarla getdi, saat 19-da Faiq zəng etdi ki, məhkəmə ona 15 sutka inzibati həbs kəsib,”- Əmirlinin həyat yoldaşı Amerikanın Səsinə deyib.
Bu, Faiq Əmirlinin karantin dövründə ikinci inzibati həbsidir. O, aprelin 9-da Bakının Səbail rayon Məhkəməsinin qərarı əsasında hakim Ülviyyə Şükürovanın sədriliyi ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasında günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.