Azadlıq tariximizi bizə xatırladan Yaqub Zurufçu

16 Sentyabr 2021 - 23:44
Oxuduğu mahnısını dinləyərkən məktəbli idim. SSRİ-nin son illəri idi.
Ümidlə qorxunun bir -birinə qarşıdığı romantik, xalqın bir-birindən möhkəm yapışdığı illər idi. Televiziyada “Vətən” Cəmiyyətinin proqramında VHS formatda çəkilmiş videoda qaşları qalın bir kişi kədərli səslə “Ayrılıq” mahnısını oxuyurdu.
Yazıçı Elçin həsrətdən, Şəhriyardan, Avropada yaşayan, bizim heç vaxt haqqında eşitmədiyimiz Məhəmməd Əmindən, azərbaycanlı mühacirlərdən danışır, efirdəki qonaqlar kövlərilirdi.
Sonra da həmin qalınqaş kişi “Ayrılıq” deyərək fəryad edirdi…
Sonra onu tez-tez göstərməyə başladılar. Yanğılı səsi Azərbaycanın dərdli günlərinin bir simvoluna çevrilmişdi. Azadlıq meydanında yüz minlərlə insan seli qarşısında “and olsun Savalana” deyib hayqıranda , Təbriz ləhcəsi ilə “əziz xəlqim, sizə qurban olum” deyəndə göz yaşlarını saxlaya bilmirdilər.
Yaqub Zurufçu 90-cı illərin nəsli üçün bir xatirə dəftəri idi. Onun səsi ölkənin azadlığı uğrunda gedən mübarizənin bir himni idi.
İndiki nəsil üçün Yaqub Zurufçu Amerikada rahat həyatını, ev-eşiyini qoyub bu balacaya ölkəyə köçən bir əcaib müğənni idi bəlkə də…
Amma kiprikləri ilə od götürüb dövlət quran “90-cı illər” nəsli üçün bu kişi ağlı-qaralı ömürlərinin akkordu idi. Yaqub oxuyanda yaşadıqları dəlisov, romantik dövrün bütün detalları kino lenti kimi göz önündən keçir, ilğıma dönərək yox olurdu.
Yaqub son 20 ildə oxuduqları əvvəlkilərin təkrarı və ya hamının oxuduğu mahnılar oldu. Ondan başqa heç nə tələb etmirdilər. Xalq üçün onun siması və möhür vurduğu “Ayrılıq” mühüm idi.
Bu sima insanlara tarixi yaddaşlarının pozulmasına imkan vermirdi.
Yaqub oxuyurdu: “Aman ayrılıq!”. Parçalanmış iki xalqın dərdi, nisgili bu mahnıdan göz yaşı kimi süzülürdü. Xalq üçün Yaqub sanki birlik iksiri idi. O tay bu tay Yaqubun səsində birləşirdi.
Yaqub Zurufçu tarixin səsi idi.
Bizim nəslin qulağında o illərdən 3 səs qalıb: Yaqub Zurufçunun səsi, Mirzə Xəzərin tonu və Koroğlu” üverturası…
Milyonları birləşdirən barağımızın altında xalqın hayqırtısı ilə Yaqub Zurufçunun kövrək və nisgilli səsi Azadlıq tariximizin bir unudulmaz xatirəsi idi.
Ayrılığın sonu varmış!
X.SƏFƏROĞLU