AZAL 6 ayda 1,9 milyon sərnişin daşıdı– Yeni marşrutlar açıldı

AZCON Holding-in tərkibinə daxil olan Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin ilk yarısında fəaliyyətinin əsas nəticələrini açıqlayıb.

AZAL-dan Azpost.info-ya verilən məlumatda deyilir ki, aviaşirkət bu dövrdə sərnişin sayını artırmaqla yanaşı, marşrut şəbəkəsini genişləndirib, donanmasını yeni nəsil təyyarələrlə gücləndirib və rəqəmsal xidmətlərini inkişaf etdirib.

İlk altı ay ərzində AZAL 1,9 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur. Beynəlxalq reyslərdən istifadə edən sərnişinlərin sayı isə 4 faiz artaraq 1,6 milyona çatıb.

Hesabat dövründə aviaşirkət ümumilikdə 8 min 462 reys yerinə yetirib ki, bu da ötən illə müqayisədə 7 faiz artım deməkdir. Reyslərin 6 min 566-sı beynəlxalq istiqamətlər üzrə həyata keçirilib. Orta yüklənmə əmsalı 79 faiz, punktuallıq göstəricisi isə 81 faiz olub.

Marşrut şəbəkəsi genişləndirilib

2026-cı ilin ilk yarısında AZAL Qazaxıstanın Şımkent şəhərinə birbaşa uçuşlara başlayıb. Bundan başqa, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə müntəzəm reyslər üçün bilet satışına start verilib.

Hazırda aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edir. Sərnişinlərin ən çox üstünlük verdiyi şəhərlər isə Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara olub.

Donanmaya üç yeni “Airbus” əlavə edilib

İlin ilk altı ayında AZAL parkını iki “Airbus A320neo” və aviaşirkətin tarixində ilk dəfə bir “Airbus A321neo” təyyarəsi ilə gücləndirib. Bununla da istismarda olan hava gəmilərinin sayı 29-a yüksəlib.

Bakı–Naxçıvan reyslərində də artım qeydə alınıb

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 1 868 reys yerinə yetirilib və 367 min 651 sərnişin daşınıb. Həm reyslərin, həm də sərnişin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artdığı bildirilir. Ən intensiv gündə bu istiqamətdə 25 reys icra olunub.

Rəqəmsal xidmətlər genişləndirilib

Hesabat dövründə AZAL sərnişinlər üçün bir sıra yeni xidmətləri istifadəyə verib. Onlayn əlavə baqaj sifarişi 32 kiloqrama qədər artırılıb, bilet alışı zamanı “Stopover” xidməti və “Rental Car” seçimi istifadəyə verilib.

Bundan başqa, Çin vətəndaşları üçün AlipayWeChat Pay, Özbəkistan vətəndaşları üçün isə HUMOUZCARD ödəniş sistemləri ilə inteqrasiya təmin edilib. Bakcell ilə əməkdaşlıq çərçivəsində isə sərnişinlər üçün xüsusi rouminq paketləri təqdim olunub.

AZAL bildirib ki, hesabat dövründə uçuş təhlükəsizliyi əsas prioritet olaraq saxlanılıb və əməliyyat fəaliyyətinin fasiləsizliyi təmin edilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.