“Azneft”in Dübəndi neft xəttində sızma baş verib –RƏSMİ

Azneft
Azneft
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.
Bu barədə AzPost-a SOCAR-dan məlumat verilib:
“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır.”

Xəzərin sahilində yerləşən Dübəndi Neft Terminalını Bakı şəhərindən, sadəcə, 45 kilometr ayırır…

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı Pirallahı rayonunun Şimali Abşeron limanında, eyniadlı qəsəbənin yaxınlığında yerləşir.

1969-cu ildə terminalın layihələndirilməsinə başlanılıb. İlkin mərhələsi 1971-ci ildə istismara verilib.

1976-cı ildə terminalın ikinci mərhələsi istifadəyə verilib. Hər iki mərhələ neftin nəqli və tranziti üçün nəzərdə tutulub. Üçüncü mərhələnin istismarı 1986-cı ildə başlayıb ki, bu da neftayırma zavodlarında emala çıxan neft məhsullarının çənlərə toplanaraq gəmiyə yüklənməsi və daşınması olub. Sonralar müxtəlif vaxtlarda terminalın ərazisində modernləşdirmə və genişləndirmə işləri aparılıb.

Dübəndi Neft Terminalı “Neft Daşları”, “Abşeronneft” və “28 May” Neft və Qazçıxarma İdarələrindən qəbul olunan xam nefti  500 mm diametrli  Dübəndi-Böyük Şor-Sumqayıt kəməri vasitəsilə Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərlərinə nəql edir. Dübəndi-Böyük Şor-Sumqayıt kəmərinin layihə gücü ildə yeddi milyon ton neftin nəqlinə imkan verir.

Bundan başqa, terminaldan 1976-cı ildə istismara verilən, layihə gücü illik 9 milyon ton məhsulu nəql etməyə qadir olan 700 mm diametrli Dübəndi-Böyük Şor, eləcə də 1984-cü ildə istismara verilən, layihə gücü iki milyon ton/il olan 300 mm diametrli Dübəndi-Suraxanı-Böyük Şor kəmərləri vasitəsi ilə neft Heydər Əliyev adına neft emalı zavoduna (NEZ) nəql olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.