Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, peşəkar teleaparıcı Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.
Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq. N.Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: “Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər”. N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm “Mədəniyyət” kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: “Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım”.
Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.