Bakı metrosu bu tarixlərdə gücləndirilmiş iş rejimində işləyəcək

Novruz bayramının qeyd edildiyi martın 20-i və 21-də Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Metropolitendən bildirilib ki, sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli tərtib olunacaq.

“Qeyd edilən iki gün ərzində saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Martın 22-dən 26-dək həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 20-21-də şənbə gününün, martın 22-26-da isə bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər.

Bununla yanaşı, qeyri-iş günlərində ehtiyat qatarlar, zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, bayram günlərinin xoş ovqatda keçirilməsi və fəsadların yaşanmaması üçün neqativ hallara yol verilməməsini rica edir. Metropolitendən istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsi xahiş olunur”, – məlumatda deyilir.

Əvvəlki məqalə

Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edəcək

Sonrakı məqalə

Xocalıda kütləvi məzarlıqda aşkarlanan qalıqlar ailələrinə təhvil verilərək dəfn olunacaq