Bakı Slavyan Universitetinin şöbə müdiri təhsil haqlarını mənimsəyib –

MƏHKƏMƏ
11 Oktyabr 2021 - 12:33

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib. Şahid qismində ilk olaraq Bakı Slavyan Universitetində magistr təhsili almış şəxs dindirilib. O, Dürdanə Əliyevanın işə düzəlmək üçün ondan pul istədiyini bildirib: “Təhsil haqqı ödənişli olduğu üçün ildə 1700 manat təhsil haqqı ödəməli idim. Dürdanə Əliyevaya məni çağırdı, təhsil haqqını ödədim. 3 il bu proses həyata keçirildi. Sonra mən işə düzəlmək üçün yenidən Dürdanə Əliyevaya müraciət etdim. Dürdanə xanım dedi ki, imtahan ver, sonra xəbər elə. Mən imtahandan 47 bal topladım. Başqa orta məktəblərə müəllimə kimi qəbul edirdilər. Mən istəmədim ki, evimin yaxınlığı olsun. Buna görə, Dürdanə Əliyeva məndən 12000 manat istədi. Pulu gətirib otağında Dürdanə Əliyevaya verdim. Sentyabr ayında mən evimizin yanındakı 99 saylı orta məktəbdə müəllimə kimi fəaliyyətə başladım. Amma məlum oldu ki, mən sosial məzuniyyətdə olan bir müəllimin yerinə müvəqqəti işə götürülmüşəm. 6 aydan sonra məni işdən çıxardılar. Hazırda işsiz qalmışam. Başqa məktəbə işə düzəlmək üçün əlavə imtahan verməliyəm. Dürdanə Əliyeva mənim pulumu qaytarsın, şikayətçiyəm”.

Daha sonra məhkəmədə şahid Səriyyə Axundova ifadə verərək bildirib ki, onun 1200 manat təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib:

“Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsini bitirdim. Magistr təhsili almaq üçün universitet axtarırdım. Bakı Slavyan Universitetində tanış bir müəllim var idi, o məni Dürdanə Əliyeva il tanış elədi. Dürdanə Əliyeva mənə dedi ki, qəbul var. Bildirdi ki, əgər 3 illik təhsil alsan, illik təhsil haqqı 2200, bir illik təhsil üçün isə təhsil haqqı 1200 manatdır. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlananda Dürdanə Əliyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1000 manat verdim, bir müddətdən sonra 200 manatı da verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Əliyeva öz imzası ilə mənə arayış verdi ki, həqiqətən məndən 1200 manat təhsil haqqı alıb.

Pulu ödəyəndən sonra tələbə yoldaşlarımdan maraqlandım, onlar təhsil haqqı ilə bağlı müxtəlif rəqəmlər dedilər. Biri dedi 1000 manat ödəmişəm, biri dedi 1100 manat, bəziləri 900 manat. Bu prosesdən şübhələnib Dürdanə Əliyevaya müraciət etdim. O isə dedi ki, həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər.

Mənim 1 illik təhsil haqqım başa çatandan sonra diplomumu almaq üçün universitetə müraciət etdim. Universitetdən bildirdilər ki, təhsil haqqı ödənilməyib. Bu günə qədər də diplomumu ala bilmirəm”.

Digər şahid Şəmsiyyə Hüseynova isə bildirib ki, universitetdə iki illik təhsil alıb, ikinci ilinin təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: “Mən iki il universitetdə magistr pilləsində təhsil almışam. Hər il üçün 1500 manat təhsil haqqı ödəmişəm. Diplom almaq istəyəndə universitetdən dedilər ki, sonuncu ilin təhsil haqqı xəzinəyə daxil olmayıb. Bu günə qədər də diplom ala bilmirəm. Ya diplomumu versinlər, ya da 1500 manatımı qaytarsınlar”.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.