Bakıda kirayə mənzil bazarında yayın ikinci yarısından etibarən qiymətlərdə artım müşahidə olunur. Əmlak bazarı üzrə mütəxəssislər hesab edirlər ki, avqust-sentyabr aylarında bu proses daha da sürətlənəcək. Xüsusilə ali məktəblərə qəbul mövsümü, tələbə axını və bazarda təklifin azalması kirayə haqlarına ciddi təsir göstərir.
Hazırda paytaxtın müxtəlif ərazilərində kirayə mənzillərin qiymətləri necə dəyişib və qarşıdakı aylarda kirayəçiləri nə gözləyir?
Azpost.info bildirir ki, əmlak bazarında müşahidələr göstərir ki, iyul ayından etibarən xüsusilə metro stansiyalarına yaxın ərazilərdə yerləşən mənzillərin kirayə qiymətləri orta hesabla 10-15 faiz bahalaşıb. Bu artımın avqustun ikinci yarısından daha da sürətlənəcəyi gözlənilir. Ən çox bahalaşma isə universitetlərə yaxın ərazilərdə və nəqliyyat baxımından əlverişli məhəllələrdə qeydə alınacaq.
Hazırda Bakının mərkəzi hissələrində – 28 May, Elmlər Akademiyası və Nərimanov ərazilərində bir və ikiotaqlı mənzillərin aylıq kirayə qiyməti 700-1100 manat arasında dəyişir. Ekspertlərin proqnozuna görə, avqust-sentyabr aylarında bu rəqəm 850-1300 manata, bəzi hallarda isə daha yüksək səviyyəyə çata bilər.
İnşaatçılar, Neftçilər və Xətai kimi mərkəzə yaxın ərazilərdə hazırda orta qiymətlər 500-700 manatdır. Yeni tədris ili ərəfəsində həmin zonalarda kirayə haqqının 650-800 manata yüksələcəyi gözlənilir.
Daha kənar ərazilərdə – Xırdalan, Sumqayıt və Yeni Günəşlidə isə hazırda 320-450 manata kirayə verilən mənzillərin qiymətinin 400-550 manata qədər artacağı proqnozlaşdırılır.
Bahalaşmanın əsas səbəbləri nədir?
Əmlak ekspertləri qiymət artımını bir neçə əsas amillə əlaqələndirirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da hesab edir ki, kirayə mənzil bazarında müşahidə olunan bahalaşma qarşıdakı həftələrdə davam edəcək. Onun sözlərinə görə, bu proses mövsümi xarakter daşısa da, son illər təklifin azalması qiymət artımını daha da sürətləndirir.
V.Oruc bildirib ki, hər il avqustun ikinci yarısından etibarən ali məktəblərə qəbul olunan tələbələrin, regionlardan Bakıya işləməyə gələn insanların və yeni tədris ili ilə əlaqədar paytaxta köçən ailələrin sayı artır. Bu isə kirayə mənzil bazarında tələbatı kəskin yüksəldir. “Hazırda bazarda xüsusilə 1 və 2 otaqlı mənzillərə maraq böyükdür. Metro stansiyalarına yaxın ərazilərdə yerləşən mənzillər daha tez kirayəyə verilir və bu da qiymətlərin yüksəlməsinə səbəb olur. Avqustun ikinci yarısından sentyabr ayının sonuna qədər kirayə bazarında ən aktiv dövr yaşanacaq“, – deyə Vüqar Oruc qeyd edib.
Onun sözlərinə görə, bahalaşmaya təsir edən digər amil Bakıda aparılan genişmiqyaslı söküntü və yenidənqurma layihələridir. “Köhnə yaşayış fondunun bir hissəsi söküldükcə bazarda kirayə üçün təklif olunan mənzillərin sayı azalır. Digər tərəfdən, yeni tikililərdə mənzillərin satış qiymətləri artdığı üçün ev sahibləri də kirayə haqlarını yüksəldirlər. Nəticədə həm təklif azalır, həm də qiymətlər artır”, – deyə o bildirib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, məhdud büdcəsi olan vətəndaşlar mənzil axtarışını gecikdirməməlidirlər. “300-500 manat büdcə ilə seçim imkanları əvvəlki illərlə müqayisədə xeyli məhdudlaşıb. Avqustun sonlarına yaxın həm münasib qiymətə mənzil tapmaq çətinləşəcək, həm də seçim imkanları azalacaq. Buna görə kirayə mənzil axtaranlara indidən qərar vermələri daha məqsədəuyğundur”, – deyə Vüqar Oruc vurğulayıb.
300-500 manata ev tapmaq çətinləşir
Ekspertlərin fikrincə, hazırda bazarda aylıq 300-500 manat aralığında yaxşı vəziyyətdə olan mənzil tapmaq əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Bu seqmentdə təkliflərin sayı azalır, mövcud mənzillər isə qısa müddətdə kirayəyə verilir. Mütəxəssislər bildirirlər ki, məhdud büdcəsi olan vətəndaşlar mənzil axtarışını avqusta saxlamamalıdırlar. Alternativ olaraq metrodan uzaq ərazilərdə və ya qəsəbələrdə yerləşən həyət evlərinə üstünlük vermək daha sərfəli ola bilər.
Əmlak bazarı üzrə proqnozlar göstərir ki, avqustun ikinci yarısından etibarən həm qiymətlər pik həddə çatacaq, həm də bazarda boş və keyfiyyətli kirayə mənzillərin sayı azalacaq. Ekspertlər hesab edirlər ki, yeni tədris ili başlayana qədər kirayə mənzil axtaranlar qərarlarını mümkün qədər tez verməlidirlər. Əks halda, sentyabr ayına yaxın həm seçim imkanları məhdudlaşacaq, həm də eyni mənzil üçün daha yüksək məbləğ ödəmək lazım gələcək.
S.Abdulla