Son dövrlərdə Bakı və Abşeron yarımadasında daşınmaz əmlak bazarının ən dinamik və bahalaşan seqmenti torpaq sahələridir.
Azpost.info bildirir ki, paytaxtın mərkəzində boş torpaq sahələrinin demək olar ki, tükənməsi, tikinti şirkətlərinin kənar massivlərə axını və fərdi ev tikmək istəyən vətəndaşların tələbi qiymətləri rekord həddə çatdırıb.
Bakıda torpaq bazarındakı real vəziyyəti necədir? Əmlak bazarı üzrə ekspertlərin rəyləri və cari elanların monitorinqi nə göstərir?
Ekspertlərin fikrincə, torpaq bazarında qiymət artımı bir neçə ciddi faktorla bağlıdır. Bura infrastrukturun genişlənməsi, “çıxarış” faktoru, Mərkəzdən qaçış trendi daxildir
Yeni çəkilən yollar, metro stansiyalarının tikintisi planları və kommunal xətlərin (qaz, su, işıq) əvvəllər boş olan ərazilərə çatdırılması həmin massivlərdə torpağı bir neçə dəfə bahalaşdırır.
Alıcılar artıq bələdiyyə sənədi və ya müqavilə ilə satılan riskli torpaqlardan qaçırlar. Tam qanuni, özəlləşdirilmiş və təyinatı fərdi yaşayış üçün nəzərdə tutulmuş “Kupçalı” torpaqların azlığı birbaşa qiymət artımına səbəb olur.
Eyni zamanda pandemiyadan sonra başlayan bağ evlərinə və fərdi həyət evlərinə olan maraq hələ də yüksək olaraq qalır. Vətəndaşlar çoxmərtəbəli binalardan daha çox, şəhər kənarında ekoloji təmiz ərazilərdə torpaq alıb ev tikməyə üstünlük verirlər.
Bakı və ətraf qəsəbələrdə əazilər üzrə torpaqların orta bazar qiymətləri infrastrukturun və dənizə yaxınlığın səviyyəsinə görə kəskin fərqlənir.
Məsələn Nərimanov, Gənclik metrosu ərazisində 1 sot torpağın qiyməti 150,000 – 250,000 manat arasında dəyişir. Baha qiymət mərkəzə yaxınlıq, kommersiya təyinatı ilə izah edilir.
Badamdarda 1 sotu qiyməti 60.000 – 120.000 manatdır. Burada şəhərə yaxınlıq, elit yaşayış massivləri əsas amildir.
Mərdəkan, Şüvəlanda 1 sot torpaq 20.000 – 40.000 arasındadır. Prestijli bağ zonası, dənizə və yola yaxınlıq qiymətə təsir edir.
Novxanı, Bilgəhdə isə 1 sot torpaq 15.000 – 35.000 manatdır. Ekoloji hava, dəniz mənzərəsi, infrastruktur qiymət üçün faktordur.
Masazır, Sarayda 1 sot torpaq 6.000 – 15.000 manatdır. Burada yaşayış sıxlığı, fərdi ev tikintisi üçün əlverişlilik əsas rol oynayır.
Hövsan, Türkan və Zirədə 1 sot üçün3.000 – 8.000 manat təklif olunur. Bu ərazilər şəhərdən uzaq olması, nisbətən zəif infrastruktur qiymətlərə təsir edir.
Ekspertlər xəbərdarlıq edir
Torpaq alan zaman qiymətdən çox sənədləşməyə diqqət edilməlidir. Hazırda sənədləri qaydasında olan (Xüsusi mülkiyyət, yaşayış məntəqələrinin torpaqları təyinatlı) sahələr illik orta hesabla 15-20% dəyər qazanır. Lakin kənd təsərrüfatı təyinatlı və ya yüksək gərginlikli elektrik xətlərinin, qaz borularının mühafizə zolağında yerləşən ucuz torpaqlar gələcəkdə tikintiyə icazə alınmaması riski ilə üzbəüzdür.
Yaxın perspektivdə Bakı ətrafında, xüsusilə infrastruktur layihələrinin davam etdiyi Abşeron və Xəzər rayonu istiqamətində torpaq qiymətlərinin artım tempini qoruyub saxlayacağı gözlənilir.
Samir Abdulla