Müasir həyat tərzi insanların hərəkətini xeyli azaldıb. Avtomobil, lift və kompüter qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün ciddi risklər yaradır.
Azpost.info bildirir ki, həkimlər isə sadə bir vərdişin vəziyyəti dəyişə biləcəyini deyirlər: hər gün ən azı 30 dəqiqə gəzmək.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, fiziki passivlik hər il milyonlarla insanın vaxtından əvvəl ölümünə səbəb olan əsas risk faktorlarından biridir.
Yaponiyanın Tokio şəhərində aparılan araşdırmada gündə 30 dəqiqə piyada gəzən insanların ürək xəstəliklərinə tutulma riskinin 20 faizə qədər azaldığı müəyyən edilib. Tədqiqatçılar hesab edirlər ki, müntəzəm hərəkət qan dövranını yaxşılaşdırır və artıq çəkinin qarşısını alır.
Kardioloq Mixael Roizen bildirir ki, gəzinti təkcə ürəyə deyil, beyinə də müsbət təsir göstərir. Onun sözlərinə görə, hərəkət zamanı beyində yeni sinir əlaqələrinin yaranmasını dəstəkləyən maddələr ifraz olunur.
Mütəxəssislər qeyd edirlər ki, gəzinti üçün xüsusi avadanlıq və ya idman zalı tələb olunmur. Parkda, işə gedərkən və ya axşam saatlarında edilən adi gəzinti belə sağlamlıq üçün faydalıdır.
Araşdırmalar göstərir ki, gündəlik hərəkət diabet riskini azaldır, stresslə mübarizəyə kömək edir və yuxunun keyfiyyətini artırır. Həkimlər hər kəsi gün ərzində daha çox hərəkət etməyə çağırırlar.