Biz adətən ya uşaqlığımızı xatırlamırıq, ya da uşaqlıq haqqında xatirələrimiz çox dumanlıdır. Bunun səbəbi “uşaqlıq amneziyası” olaraq adlandırdığımız qəribə bir fenomendir. Uşaqlar böyüməyənə qədər üç yaşlarından əvvəl başlarına gələn hadisələri xatırlaya bilirlər, bir az daha böyüdükdə isə bu qəribə avtobioqrafik xatirələr silinir. Yenicə aparılmış tədqiqatlar uşaqlıq amneziyasının başlanğıc nöqtəsinin yeddi yaş hesab edilə biləcəyini göstərir. Yəni 7 yaşından sonra uşaqlığımızı xatırlamırıq, ya da çox pis xatırlayırıq.
Alimlər uzun müddətdir ki bu sirli hadisənin səbəblərini araşdırmağa çalışırlar və dediklərinə görə dilin (ünsiyyətin) bununla müəyyən qədər əlaqəsi var. Ötən ilin iyununda kanadalı alimlər mümkün izah irəli sürdülər. Onlar bu amneziyanın səbəbinin neyrogenez adı ilə tanınan, uşaqlıq dövründə hippokampdaki yeni hüceyrələrin aktiv inkişafı olduğunu düşünürlər. Uşaqlığımızı xatırlamırıq, çünki beyin böyük miqdarda yeni hüceyrələrin yaranması ilə məşğul olduqda uzunmüddətli ola biləcək xatirələri yaddaşda saxlamır. Bəs hansı anda xatirələrə giriş məhdudiyyəti qoyulur?
Nəticələri “Memory” jurnalında dərc olunan tədqiqatları çərçivəsində Patricia Bauer və həmkarı Marina Larkina valideynlərdən hər hansı birindən (əksər tədqiqatlarda olduğu kimi əsasən analardan) və üç yaşlı uşaqlardan ibarət bir neçə qrup yaratdılar. Valideynlər uşaqlarına son üç ay ərzində baş vermiş zoopark gəzintisi və ya uşaq bağçası ilə bağlı hadisələrə aid suallar verdi. Alimlər isə bunları videoya çəkdi.
Son altı il ərzində artıq 5, 6, 7, 8 və hətta 9 yaşlarında uşaqlardan ibarət müxtəlif qruplar laboratoriyalara qayıdırdılar və tədqiqatçılar onlara üç yaşları olduqda baş vermiş hadisələrlə bağlı suallar verirdi. Elmi əməkdaşlar həmin hadisələrin detallarını bilirdilər, bu səbəbdən uşaqların nəyi xatırladığını və ya bu haqda nələr dediyini aydınlaşdırmaqda çətinlik çəkmədilər.
“Popular Science” jurnalına danışan Bauer ikinci müsahibədəki 5-7 yaşları olan uşaqların xatirələrin 60%-dən çoxunu xatırladığını dedi. 8 və ya 9 yaşlı uşaqlar isə hadisələrin 40%-i, hətta daha azını xatırlayırdı və həmin hadisələri də dəyişdirib danışırdılar. “Hesab edirik ki, bu, neyron strukturlarında intensiv inkişaf baş verən dövrdəki əsas bioloji proseslər ilə əlaqəlidir. Bu inkişafın ilk mərhələlərində həmin strukturlar işləyir, amma bir o qədər də effektiv olmur – uşaqlar yaddaşlarını formalaşdırır, lakin təbii proseslər müddətində bəzi xatirələr sönür və məhdud olur. Uşaqlar böyüdükdə isə yaddaş çox effektiv şəkildə işləməyə başlayır”, – Bauer qeyd edir.
Valideynlər, həmçinin uşaqların baş vermiş hadisələrlə bağlı xatirələrinə təsir edir. Uşaqlarla inkişafi strategiya ilə ünsiyyət quran valideynlər tez-tez belə suallar verir: “Bir az da danış görüm” , “Orada nə oldu?”. Beləcə uşaqların öz xatirələrini izah etmələrinə səbəb olurlar. Bauerin dediyinə görə, nəticədə uşaqlarda daha köhnə hadisələri əhatə edən xatirələr daha tez formalaşır və bu xatirələr daha dayanıqlı olur. Bauer növbəti dörd il ərzində uşaq qrupları üzərindəki tədqiqatlarını davam etdirəcək. O, uşaqlara həyatlarının müxtəlif mərhələlərində baş vermiş hadisələrlə bağlı suallar verəcək. Bauer hesab edir ki, ilk xatirələr emosiyalarla əlaqəlidir – pozitiv olduğu kimi, neqativ emosiyalarla da. Bu səbəbdən uşaqların erkən dövrdə xatirələrini qoruyub saxlaması xeyli mümkündür, amma yeni xatirələr formalaşdırdıqca onlarla olan əlaqəsinin itirilməsi də istisna olunmur.
İki sahil qəzeti