Baş nazir və mer torpaq sürüşməsi baş verən əraziyə getdi

25 Noyabr 2019 - 11:44

Bakıda yolda sürüşməni baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Report xəbər verir ki, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir. İlkin ehtimala görə, gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib.

Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Avtomobillərin hərəkəti köhnə yol ilə “20-ci Sahə” adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Baş nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə baş verən əraziyə gedib. İcra başçısı və qurumun xidmət rəhbərləri hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.