Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbiri ziyarət edib. Böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyularaq Baş prokuror tərəfindən xatirə kitabına ürək sözləri yazılıb.
Daha sonra Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Ölkəmizin nümayəndə heyətini salamlayan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.