30 sutka inzibati həbsdən sonra AXCP fəalı Niyaməddin Əhmədova CM-in 214-1-ci maddəsi (terrorizmin maliyyələşdirilməsi) ilə cinayət ittihamı irəli sürülüb.
Mayın 16-da Nəsimi Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib. Bu barədə Turan-a N.Əhmədova dövlət hesabına təyin edilmiş vəkil Əhməd Fərhadov bildirib.
İstintaq N.Əhmədovu terrorizmin maliyyələşdirilməsi üçün xaricdən başqa müxalifətçidən pul almaqda ittiham edib. Məhkəmədə N.Əhmədov bu ittihamı inkar edərək bildirib ki, ona pul göndərən şəxs, sadəcə, öz borcunu qaytarıb.
Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu da açıqlama verib. Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.
Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Qabil Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Niyaməddin Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
N.Əhmədov AXCP lideri əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. O, aprelin 15-də karantin rejimini pozduğuna görə saxlanılıb. Mayın 15-də həbs müddəti bitsə də onu azad etməyiblər.
İttihamlar subut olunsa N.Əhmədovu 14 ilədək azadlıqdan məhrum edilə bilər.