Batumidə bina çöküb –

4 nəfər ölüb, 6 nəfərin axtarışları davam edir (FOTO)
09 Oktyabr 2021 - 08:50

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 4-ə çatıb.

Gecə boyunca davam edən axtarış-xilasetmə işləri nəticəsində dağıntıların altından daha üç nəfərin meyiti çıxarılıb.

Onlardan ikisinin kişi, birinin isə uşaq olduğu bildirilir. Binanın qalıqları altından yaralı çıxarılaraq xəstəxanaya yerləşdirilən daha bir nəfərin isə ağır vəziyyətdə olduğu deyilir.

Gürcüstan DİN axtarış-xilasetmə işlərinin 300 xilasedicinin iştirakı ilə intensiv qaydada davam etdirildiyini açıqlayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvli hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xilasedicilərə təşəkkür edib.

Qeyd edək ki, Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb.