Bayden 2024-də prezidentliyə namizəd olacaqmı?- Açıqladı

ABŞ Prezidenti Co Bayden CBS teleşirkətinə müsahibəsində bildirib ki, o, ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətindədir, lakin hələ “qəti qərar qəbul etməyib”.

Bayden “60 dəqiqə” televiziya verilişinin efirində deyib: “Qulaq asın, dediyim kimi mənim ilkin niyyətim belədir ki, yenə namizədliyimi irəli sürəcəyəm. Lakin bu, yalnız niyyətdir. Namizədliyimi yenidən irəli sürməyi qəti qərara almışammı? Bunu hələ aydınlaşdırmaq lazımdır”.

Bayden və onun müşavirləri dəfələrlə bəyan ediblər ki, Ağ evin rəhbəri 2024-cü ildə namizədliyini irəli sürmək niyyətindədir. O vaxt onun 81 yaşı olacaq. Bununla belə onlar siyasətçinin öz niyyətini reallaşdırıb- reallaşdırmayacağını qəti bildirməkdən çəkiniblər. Baydenin özünün bəyanatına görə, bu qeyri-müəyyənlik seçki kampaniyasının maliyyələşdirilməsi haqqında qanunlarla bağlıdır, çünki həmin qanunlar namizəddən donorlar barədə informasiyanın açıqlanmasını və vəsait toplanmasının məhdudlaşdırılmasını tələb edir.

Bayden deyib: “Mən taleyimdən çox razıyam. Hazırda öz işimi yerinə yetirirəm və bunu davam etdirməyə hazırlaşıram. Çox ehtimal ki, növbəti seçki dövrəsindən sonra (2022-ci ilin aralıq seçkiləri nəzərdə tutulur) necə hərəkət etməyi gələn il qərara alacağam”. Baydenin ikinci müddətə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə şayiələr hələ 2020-ci ildə, ilk dəfə qalib gələndən sonra yayılmağa başlanıb. Həmin seçki kampaniyası dövründə Bayden “Demokratlar Partiyasının liderlərinin növbəti nəsli üçün körpü olmağa çalışacağını bildirirdi, lakin bu il inflyasiyanın artması fonunda onun reytinqinin aşağı düşməsi Demokratlar Partiyasından olan siyasətçilərin çoxunu belə deməyə məcbur edib ki, Baydenin öz siyasi karyerasını başa çatdırması vaxtıdır.

Əvvəlki məqalə

Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

Sonrakı məqalə

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb –