ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində onu Rusiyadakı reketçi haker qruplarına qarşı ölçü götürməyə çağırıb.
Bu barədə məlumatı Ağ Ev verib.
ABŞ və başqa ölkələr üzərinə pul qoparmaq məqsədilə edilən haker hücumları son bir ildə kəskin şəkildə artıb. Bura ABŞ-ın ən böyük yanacaq kəmərinə hücum da daxildir.
Ağ Evin sözçüsü Cen Psaki deyib ki, Vaşinqtonun bu hücumların Rusiya hökuməti tərəfindən yöndəndirilməsinə dair yeni məlumatı yoxdur, lakin Kreml bu hücumlarla bağlı “tədbir görmək məsuliyyətinə” malikdir.
Bu telefon söhbətindən bir ay əvvəl Bayden və Putin Cenevrədə üzbəüz görüş keçirmişdilər. O vaxt Bayden Birləşmiş Ştatların biznesləri üzərinə Rusiyadan qaynaqlanan kiberhücümlarla bağlı ilk dəfə xəbərdarlıq etmişdi.
Bayden iyulun 9-da Putinlə telefon söhbətində deyib ki, Birləşmiş Ştatlar amerikalıları və həyati infrastrukturu kiberhücumlardan qorumaq üçün zəruri tədbirləri görəcək.
Ağ Evin məlumatına görə bir saatdan artıq davam edən telefon söhbətindən əvvəl Floridada mənzillənmiş Kaseya texnologiya şirkətinin məsafədən idarəetmə proqramına haker hücumu olmuşdu.
ABŞ-da yüzlərlə, dünyada isə 1500-dən çox biznesin bu hücumdan təsirləndiyi bildirilir. Bu müdaxilə ekspertlər tərəfindən ən böyük kiberhücum kimi qiymətləndirilsə də, onun real miqyası qeyri-müəyyən olaraq qalır. Rusiyada mənzillənmiş REvil kiberkriminal qrupu bu hücum üçün məsuliyyəti öz üzərinə götürüb və şirkət sahiblərinə sistemin açar şifrəsinin verilməsi üçün kriptovalyuta ilə 70 milyon dollar tələb edib.