Baydenin ABŞ-ın dövlət katibi təyin edəcəyi şəxs məlum olub –

Yeni prezident kabinetini formalaşdırır
23 Noyabr 2020 - 11:05

ABŞ Prezidenti seçilmiş Co Bayden çoxdankı müşaviri və veteran diplomat Entoni Blinkeni dövlət katibi görmək istəyir. Bu haqda ABŞ-ın çoxsaylı media orqanları noyabrın 22-də məlumat yayıb.

Namizədliyi verilərsə və Senat tərəfindən təsdiqlənərsə, Blinken Amerika diplomatiyası və qlobal ictimaiyyətlə əməkdaşlığı yeniləməli olacaq. Prezident Donald Trampın dörd ildir yürütdüyü “Amerika Öncə” siyasəti beynəlxalq qurumlara sayğısızlıq, müttəfiqləri və rəqibləri ilə toqquşmalarla yadda qalıb.

Baydenin noyabrın 24-də kabinetə ilk təyinatları edəcəyi gözlənir. Keçmiş Dövlət katibi Hillari Klintonun müttəfiqi Ceyk Salivanın Baydenin milli təhlükəsizlik müşaviri postuna namizəd göstəriləcəyi gözlənir.

Trampın seçkinin nəticəsini qəbul etməməsinə, məhkəmə iddiaları qaldırmasına baxmayaraq, Bayden öz administrasiyasının əsasını qoymaqdadır. Keçmiş vitse-prezident yanvarın 20-də andiçmə mərasimi ilə vəzifəsinin icrasını başlayacağını deyir.

Hazırda ölkə pandemiya və iqtisadi böhran içindədir, beynəlxalq səhnədə də bir sıra məsələlərlə üz-üzədir.

Baydenin iş başına keçən kimi Paris iqlim sazişlərinə, eləcə də Dünya Səhiyyə Təşkilatına (DST) qayıdacağı gözlənir.

Blinken ABŞ diplomatiyasının başına keçərək İranla gərginliyi azaldacağı, müttəfiqlərlə ziyan dəymiş münasibətləri bərpa edəcəyi gözlənir.

O, vaxtilə vitse-prezident Baydenin milli təhlükəsizlik müşaviri, daha sonra Prezident Barak Obama dövründə milli təhlükəsizlik müşavirinin müavini, sonradan isə Dövlət Departamentində ikinci şəxs olub.