ABŞ Prezidenti Co Bayden bu vəzifədə ilk xarici səfərinə çıxıb. Onun iyunun 9-da İngiltərəyə çatacağı gözlənir. Məqsəd Vaşinqtonun Avropadakı müttəfiqləri ilə yenidən işləmək, administrasiyanın transatlantik alyanslara sadiqliyini göstərməkdir.
Bayden iyunun 10-da Britaniyanın Baş naziri Boris Consonla görüşündə iki ölkənin xüsusi münasibətini bir daha təsdiqləyəcək.
Baydenin səfər qrafiki sıxdır, iyunun 16-da İsveçrənin paytaxtı Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir. Bu arada iki ölkə arasındakı gərginlik dərinləşməkdədir.
Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Salivan iyunun 7-də brifinqdə deyib ki, Birləşmiş Ştatlarla Böyük Britaniyanın tamamilə razılaşdığı bir sıra məsələlər var. Onlar koronavirus pandemiyası, iqlim dəyişikliyi ilə mübarizə, bir sıra digər məsələlər üzrə əməkdaşlıq edirlər. İyunun 11-də isə Kornvol şəhərində Böyük Yeddiliyin (G7) sammiti keçiriləcək.
Üçgünlük sammit zamanı Baydenin məqsədlərindən biri ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərin bərpasıdır. Keçmiş prezident Donald Trampın “Öncə Amerika” siyasəti bu əlaqələrə böyük ziyan vurub.
Bayden Böyük Yeddiliyin digər üzvləri – Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Həmin görüşlərdə diqqət ABŞ-ın siyasi prioritetlərinə, iqtisadiyyata, müttəfiqlər arasında birliyə, pandemiyanı cilovlamağa, dünyanı pandemiyanın sürüklədiyi iqtisadi böhrandan çıxarmağa yönələcək.
İyunun 13-də Bayden Kraliça II Elizabetlə görüşmək üçün London kənarındakı Vindzor qəsrinə gedəcək. O, daha sonra NATO liderlərinin toplantısına qatılmaqdan ötrü Brüsselə yollanacaq.
Bayden daha sonra Putinlə görüş üçün Cenevrəyə gedəcək.